Laylalar
Laylay beşiyim laylay,
Evim, eşiyim laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.
Laylay deyim boyunca
Baş yastığa qoyunca
Pardaxlan, qızıl gülüm
Bir iyləyim doyunca.
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül kölgəsində
şirin yuxu tapasan.
Balama can demişəm,
Ağlama can demişəm.
Balam dil açan günə
Quzu qurban demişəm.
Balam laylay, a laylay,
Körpəm laylay, a laylay.
Laylası dərin bala,
Yuxusu şirin bala,
Tanrıdan əhdim budur
Toyunu görüm, bala.
Bizim yerlər qalın meşə,
Taxtında otur həmişə,
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylay dedim ucadan,
ünüm çıxdı bacadan,
Səni tanrı saxlasın,
Çicəkdən,qızılcadan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatınca,
Gözlərəm ay batınca,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla beşiyim, layla,
Evim.eşiyim, layla,
Sən yat, yuxun algınan
Çəkim keşiyin layla!
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatasan,
Qızıl gülə batasan
Qızıl bağın olsun,
Kölgəsinda yatasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
şirin yuxu tapasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yastığın içində
şirin yuxu tapasan.
Laylay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
Ildə bir qurban olar,
Sənə qurban gündə mən.
Laylay əməyim bala,
Duzum çörəyim bala.
Gözlərəm böyüyəsən,
Görüm köməyin bala.